Get Mystery Box with random crypto!

“Ərəb Baharı”nın ən uğurlu “yadigar”ı olan Tunis demokratiyası | Şərqə Baxış

“Ərəb Baharı”nın ən uğurlu “yadigar”ı olan Tunis demokratiyası çətin günlər keçirir. Ölkədə 2 ildir ki, siyasi böhran həll edilə bilmir. Parlamentdəki ən güclü siyasi partiyanın ümumi kreslo sayı 25 %-i keçmir. Kabinet siyasi cəhətdən çoxtərkiblidir deyə, stabillik yaradıla bilmir. Prezident ayrı hava çalır, baş nazir ayrı və parlament ayrı. Siyasi elita və yoxsul əhali arasında ciddi uçurum var. Polisin rəftarının şiddəti çox yüksəkdir. Ötən həftə bir şəxsin polis nəzarətində öldürülməsindən sonra kütləvi iğtişaşlar və nümayişlər başlayıb. Ümumiyyətlə, son illərdə ölkədə nümayişlər biri-birini əvəz edir.

Ölkədəki siyasi qeyri-stabilliyin əsas səbəbi kimi iqtisadi tənəzzül göstərilir. Pandemiya səbəbilə turizm sektorunda yaranmış durğunluq vəziyyəti daha da pisləşdirib. Ötən il ölkə iqtisadiyyatı 8 % daralıb, işsizlik çox yüksəkdir. Ölkənin milli borcu ÜDM-nin 91 %-ə təkabül edir. 2021-ci ilin dövlət büdcəsi proqnozuna əsasən Tunisin 7 milyard $ borclanmaya ehtiyacı var. Elə vəziyyət yaranıb ki, ən nikbin çıxış yolu olaraq IMF-dən borc alınması göstərilir.

Əgər siyasi elita iqtisadiyyatı iflasdan xilas edə bilməsə, Ərəb dünyasının yeganə demokratik ölkəsi olan Tunisdə hansı ssenarilər ola bilər? Sosial partlayış yoxsa hərbi çevriliş?

Tunisi siyasi sistemi və iqtisadi tənəzzülünə görə bir mənada Livana bənzətmək olar. Amma, Tunis əhalisində Livandakı kimi etnik-dini rəngarənglik yoxdur. Ölkənin 99%-i ərəb-bərbər və sünnidir. Ona görə də vətəndaş müharibəsi ehtimalı azdır.

Tunis üçün ən bədbin ehtimal hansısa zabitin hərbi çevriliş edib, gücü əlinə almasıdır. Nəzərə alsaq ki, Tunis Afrika ölkəsidir, hərbi çevrilişlər Afrika ölkələri üçün xarakterikdir. Tunis həm də Aralıq dənizinin sahil ölkəsidir. Avropa nəhəngləri öz sərhədlərində çalxantılı-demokratik Tunisdənsə, “dəmir yumruq” tərəfindən susdurulan və stabil saxlanılan Tunisi üstün tuta bilərlər. Misirdə Sisini, Liviyada Həftəri dəstəklədikləri kimi.