Get Mystery Box with random crypto!

İdman oyunları, futbol rəqabəti ingilislər və şotlandlar arası | Şərqə Baxış

İdman oyunları, futbol rəqabəti ingilislər və şotlandlar arasında milliyətçi münaqişəni, qarşıdurmanı alovlandıran səbəblərdən biridir. Bu məsələ bir məqamı xatırlatdı.

2014-cü ilin yayında bir şotland ailə ilə qısamüddətli ünsiyyət imkanım olmuşdu: Nənə, baba və nəvə. Həmin vaxt Şotlandiyanın müstəqillik referendumu ərəfəsiydi. Payızda keçiriləcəkdi. Təbii ki, onlara veriləcək ilk sual bu barədə olmalı idi

Kişi dedi ki, müstəqillik istəmir, “yox” səsi verəcək. Səbəbini soruşmadım. Həyat yoldaşı isə millətçi idi, müstəqillik istədiyini dedi. Ürəyi dolu idi, danışmağa davam etdi. İngilislərin onlara qarşı ayrı-seçkiliyindən filan danışdı.

Qadın belə bir fikir dedi: “Bir şotland idman yarışında uğur qazananda ingilislər deyir, halal olsun, britaniyalı uddu. Uduzanda isə deyirlər ki, bu əclaf onsuzda şotlanddır da, uduzmalı idi.”

“Britaniyalı” coğrafi ad ilə formalaşmış üst kimlikdir deyə belə ayrı-seçkilik olması qaçılmazdır. Coğrafi adla yaradılmış üst kimliklərdə bu tipli problemlər olur. Bizdə də coğrafi kimlikdir və belə sentimentlər var. Xüsusilə, çox işlədilən “təmiz azərbaycanlıdır və ya deyil” termini var. Uğur qazanmış Kasparovu bəzi hallarda bizimki kimi təqdim etməyə çalışırıq. Və ya Qafqazlı üst kimliyi var. Həbib uğurludur deyə qafqazlı olduğunu önə çəkirik. Amma məsələn, Stalinin qəddarlıqlarından danışanda qafqazlı demirik, deyirik ki, əclaf gürcü idi.

Qadının dediklərinə qayıtsaq. Fikrimcə, qadının etiraz etdiyi ayrı-seçkilikdən qurtulmaq qeyri-mümkündür. Sürü halında yaşadığımız və sosial iyerarxiyaya tabe olduğumuz üçün uğurun, uğurlunun sahibi həmişə çox olur. Bir çox hallarda ailə daxilində belə daha uğurlu olan, daha çox pul qazanan övladlar daha çox istənilir. Uğurlu adam qohumlar tərəfindən daha çox istənilir. Nənələr, babalar üçün həmin övladdan olan nəvələr daha “şirin” olur.